MƏNƏ MƏNİ TANIT
32, Sumgayit, Azerbejdżan

Adətən biz başqalarını tanımağa çalışır, onların xarakterlərini, alışqanlıqlarını, arzularını öyrənirik. Bu bizə insanlarla ünsiyyət qurmağa kömək edir. Təzə tanışlarımızın hansısa özəlliyini biləndə onlara xoş gələcək nələrisə etmək və onları razı salmaq istəyirik. Biz insanıq, ünsiyyətsiz yaşaya bilmərik. Ünsiyyət üçün isə bütün bunlar doğru və lazımlıdır.

Hər kəsi tanıyaraq hansısa bir qənaətə gəlirik. Bəzən tanışlarımızın hansısa bir hadisəyə münasibəti haqqında ya hüsnü-zənn edirik, ya da ki, sui-zənn. Çox vaxt isə zənnlərimiz [əksər halda nə üçünsə sui-zənnimiz] bizi aldatmır. Biz qənaətlərimizdə yanılmırıq. Bilirsiniz niyə? Çünki tanışlarımızı yaxşı tanıyırıq. Amma özümüzün nələrə qadir olduğumuzu, nəyi edib etməyəcəyimizi bilmirik.

Tanışlarımın istənilən bir hadisəyə mən qane etməyən davranışlarını görərkən mən belə etməzdim deyirdim.
Deyirdim, amma başqalarına baxıb mən belə etmərəm dediklərimin hamısını etdikdə əslində özümü tanımadığımı anladım. Hamını tanıyan mən sən demə özümü tanımırammış.
Kiməm mən?
Hardan gəlib, hara gedirəm?
Niyə belə edirəm?
Məni məndən yaxşı kim tanıya bilər?
Bütün bu sualların cavabını yalnız YARADAN verə bilər.
Yaradan yaratdığını tanımazmı? O yaratdığı üçün də insanın bütün qüsurlarını, zəifliklərini və hətta üstünlüklərini də bilir. Bildiyi üçün də yaratdığı İNSANI kamilləşdirmək, ülviləşdirmək, cənnətinə yerləşdirmək məqsədi ilə imtahanlar göndərir. Ən zəif yerindən, qorxduğu, qaçdığı, üzləşmək istəmədiyi, lakin onun kamilləşməsinə, mükəmməlləşməsinə mane olan zəifliklərini ona xatırladaraq imtahanı qazanmasını istəyir. Bu imtahandan bir dəfə qaçırsan, ikinci dəfə kəsilirsən, üçüncü dəfə isə heç gəlmirsən... Lakin bütün bunlar çıxış yolu deyil. Qaçsan da, gəlməsən də, kəsilsən də o imtahanı verməlisən...

Bu dünya imtahan yeridir. Uğurla verilmiş hər imtahan bir pillə irəliyə aparırsa da irəlidə daha çətin imtahanla qarşılaşırsan. Bir sınaqdan çıxıb rahat nəfəs almaq istədiyində başqa imtahanla üz-üzə qalırsan. Hər imtahanın isə əslində səni sənə tanıdır. Etmərəm dediklərini etdikdə özünlə üz-üzə qalırsan. O zaman hamını tanıyan sən, özünü tanımadığını anlayırsan.
Adəmi xatırlayırsan. Ona imtahan olaraq verilən ağaca yaxınlaşdığı üçün onu qınamışdın. Mən olsaydım, yaxınlaşmazdım demişdin. Demək asandır.

Ağac sənə də göstərilir. Sən də Adəm kimi davranırsan. Ağaca yaxınlaşıb, onu “meyvəsini” daddıqdan sonra bunun elə məhz o ağac, Adəmə qadağan olunan ağac olduğunu anlayırsan. Anladığın zaman ya Adəm kimi tövbə edirsən, ya da ki...

Səni tanıyan Allah isə səni lap başından xəbərdar edir. “Ağacın meyvəsindən yemə!” demir. Ağaca yaxınlaşma deyir. Nə xeyri? Adəm elə Adəmdir. Mütləq yaxınlaşacaq, mütləq dadacaq və ondan sonra anlayacaq.

Özümü tanımaq istədim. Adəmi tanımağa başladım. Adəmi anlamağa başladım. Daha qınamadım onu. Niyə ağaca yaxınlaşdığını, niyə bizim cənnətdən çıxarılmağımıza səbəb olduğunu...
Adəmi azdıran İblis indi də məni azdırır. Yenə eyni bəhanələrlə: əbədilik və kamillik duyğuları ilə. Bu günlə yaşamıram. 50-100 il sonranı düşünərək planlar qururam. Sanki heç bir zaman ölməyəcəyəm.
Bir yanlışım oldumu, bütün doğrularımı tərk edirəm. Üzülürəm, kədərlənirəm, özüm-özümdən narazı qalıram.
Sonra İblisdən ayrılır və tövbə edirəm.
Eynilə Adəm kimi.

Adəmin rolunu oynayırıq. Hərəyə öz “ağacı” göstərilir və “toxunma!” əmri verilir. Hər kəs etməyəcəm dediklərini edir. Edir və bundan sonra etməməli olduğunu anlayır.

Biz qəribə insanlarıq. Başqalarına baxıb onların səhvlərini, yanlışlarını asanca görürük. Lakin özümüzə baxa bilmirik.
Şeytanı tanısaq da onun şirin dillərinə yenə də aldanırıq. Yenə “CƏNNƏTİMİZDƏN” qovuluruq...

Hər şeyi yenidən başlayırıq. Yenə ilk başa dönərək imtahanımızla üz-üzə dayanırıq. Yenə etməyəcəyəm dediklərimizə baxır və nədənsə unudur və edirik.

Sanki bir oyun oynayırsan. Hər mərhələni keçdikcə finala yaxınlaşırsan. Birdən bir yanlış və sən yenə birinci mərhələdəsən...
Tövbə və təvaf...
Tövbə - geriyə qayıdış. Birinci mərhələ.
Təvaf keçdiyin mərhələləri yenidən keçmək şansı. Bu dəfə daha ciddi və qətiyyətli. Artıq bu mərhələlərdə hər şey sənə aydındı. Ona görə bir qədər rahat oynayırsan bu oyunu. Yeni, tanış olmayan mərhələyə çatanacan.
Burda yenə... “o ağac!” keçməyə çalışırsan. Birdən nəfsinə nəsə xoş gəlir. Ətrafa baxırsan. Məkanı tanımağa çalışırsan. Başın qarışır. Bir də ayılırsan ki, yenidən birinci mərhələyə dönmüsən. Təvaf bir də başlayır...
Özünü və “ağacını” tanısan tövbə - geri qayıdış – olmadan irəli gedə bilərsən. Lakin bütün bunlar ÖZÜNÜ TANIYINCA olacaq.

Özümü tanımaq istəyirəm.
Aynanın önündə duraraq məşhur sözləri söyləmək istəyirəm. Amma bir qədər dəyişərək: "Ayna, ayna! De görək mən kiməm?"

Liczba odwiedzin: 9
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut