ALLAH EVİ - KƏBƏ
32, Sumgayit, Azerbejdżan

RİYAZ əs-SALİHİN kitabından:

2. Möminlərin anası Ümmü Abdullah Aişə - radiyallahu anhə -dən rəvayət edildiyinə görə, Rəsulullah –səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:
-“Bir ordu Kəbəyə hücum etmək üzrə yola çıxacaqdır. Bir çölə gəldiklərində başdan sona bütün ordu yerə batacaqdır.”
Hz. Aişə (r.anhə) deyir ki, bunun üzərinə mən ya Rəsulullah, onların arasında ticarət üçün yola çıxanlar və pis niyyətli olmayanlar varkən nə üçün hamısı birdən yerə batacaq?, -deyə soruşdum.
Rəsulullah –səllallahu əleyhi və səlləm:
-“Hamısı birdən yerə batacaqdır. Sonra (axirətdə yenidən) dirildilib niyyətlərinə görə hesaba çəkiləcəklər.” -buyurdu.
Buxari, Buyu 49, Həcc 49; Müslim, Fitən 4-8. Ayrıca bax: Tirmizi, Fitən 21; Nəsae, Mənasik 112; İbn Macə, Fitən 30

Hz. Aişə
Hz. Aişə (r.anhə) Hz. Peyğəmbərin (s.ə.s) -in zövcəsi, onun ən yaxın yoldaşı və Hz. Əbu Bəkrin qızı idi. Aişə Siddiqə deyə tanınardı. Anası Ümmü Ruman Hz. Peyğəmbər (s.ə.s) -in çox dəyər verdiyi bir xanım idi.
Hz. Aişə (r.anhə) Hz. Peyğəmbərə (s.ə.s) -ə peyğəmbərlik gəldikdən 4 il sonra Məkkədə doğuldu. Hz. Peyğəmbər (s.ə.s) yuxusunda bir mələyin 2-3 dəfə "Bu sənin xanımındır" deyə ona Hz. Aişəni göstərməsi səbəbilə onunla Mədinədə hicrətin ikinci ilində evləndi.
Hz. Aişə Məscidi Nəbəviyə bitişik 6 arşın genişliyindəki kiçik bir evə gəlin gəldi. Evinin qapısı Məscidə açıldığı üçün Hz. Peyğəmbər (s.ə.s) -in bütün söhbətlərini, vəz və xütbələrini dinləyərdi. Mükəmməl zəkası, qüvvətli yaddaşı və gözəl danışmasıyla Hz. Peyğəmbər (s.ə.s) -in təqdirini qazanmışdı. Bu səbəblə Hz. Peyğəmbər (s.ə.s) onunla danışmaqdan və bitib tükənməyən suallarına cavab verməkdən həzz alardı.
Hz. Peyğəmbər (s.ə.s) -in evləndiyi xanımlardan yalnız Hz. Aişə bakirə olmuşdur. Xanımları içində Hz. Xədicə (r.anhə) -dən sonra ən çox onu sevərdi.
Hz. Peyğəmbər (s.ə.s) ilə 8 il evli qalan Hz. Aişənin heç uşağı olmamışdır. Hədisimizdə keçən Abdullahın anası mənasındakı Ümmü Abdullah ləqəbini ona Hz. Peyğəmbər (s.ə.s) vermişdir. Çünki Ərəblərdə qadın, kişi hər kəs bir ləqəb götürərdi. “Xala ana sayılar” buyuran Hz. Peyğəmbər (s.ə.s) ona bacısı Əsmanın oğlu Abdullah bin Zübeyrdən ötəri bu ləqəbi vermişdir. Hz. Peyğəmbər (s.ə.s) onun otağında vəfat etdiyində Hz. Aişə 18 yaşında idi.
Gecələri namaz qılar, çox vaxt oruc tutardı .Kimsəsiz və yetimləri himayə edib yetişdirər, sonra da onları evləndirərdi.
Təkrarlarıyla birlikdə 2210 hədis rəvayət etmiş olan Hz. Aişə səhabə arasında ən çox hədis bilən yeddi adamdan biri idi. Qurani-Kərimin incəliklərini anlayar və təfsir edərdi. Ərəb şeirini və soy məlumatı demək olan şəcərə elmini də çox yaxşı bilərdi. Qurani-Kərimi, hədisi-şərifləri, qısaca İslamiyyəti bir çox insana öyrətmişdir.
Hz. Peyğəmbər (s.ə.s) -in vəfatından sonra, 47 il yaşamışdır .Hicrətin 58-ci ilində, eynilə Hz. Peyğəmbər (s.ə.s) kimi 63 yaşında ikən Mədinədə vəfat etmişdir.
Allah ondan razı olsun!

Şərhlər:
Hədisi-şərifdə Kəbəni yıxmaq niyyətilə yola çıxan bir ordunun başına gələcək fəlakət xəbər verilməkdədir. Bu çirkin hadisə, həmd olsun, hələki meydana gəlmədi. Beytullah dediyimiz bu Allah Evi, bu günə qədər bir neçə dəfə hücuma məruz qalmışdır. Bu hadisələrdən biri Əməvilərin ilk illərində cərəyan etmişdir. Beləki:
Hz. Aişənin (r.anhə) bacısı oğlu Abdullah bin Zübeyr (r.a) hicrətin 72-ci ilində Əməvilərə qarşı xəlifəliyini elan edərək Hərəmi şərifə sığındı. Əməvilərin vali və komandirlərindən biri olan Həccac Zalım Məkkəni mühasirəyə aldı və Kəbəni mancanaqla daşa tutdu. Abdullah bin Zübeyr yoldaşlarıyla birlikdə onlara qarşı qəhrəmancasına döyüşərək hicrətin 73-cü ilində şəhid oldu.

Bir başqa Kəbə yıxma hadisəsi hicrətin dördüncü əsrində Qərmətilər tərəfindən edilmişdir. Səudiyyə Ərəbistandakı Əhsada müstəqil bir dövlət qurmuş olan bu insafsız insanlar hicrətin 317 (929) -ci ilində Kəbəni təvaf edən bir çox müsəlmanı qılıncdan keçirərək Həcəri Əsvədi yerindən sökərək aldılar və məmləkətlərinə apardılar. İyirmi il sonra təkrar gətirib yerinə qoydular.

Allah‐Təalanın Kəbəyə fillərlə hücum edən Əbrəhə ordusunu necə pərişan etdiyi "Fil" surəsində izah edilməkdədir.
Gələcəkdə meydana gələcəyi aydın olan bu hadisədə də Allahın Kəbəni qoruyacağı görülməkdədir. Ancaq Qiyamət yaxınlaşdığı zaman bu mübarək binanın artıq qorunmayacağı “Həbəşlilərdən incə ayaqlı bir adamın Kəbəni xarab edəcəyi” etibarlı hədisi-şəriflərdə ifadə edilməkdədir. [Buxari, Həcc 47, 49; Müslim, Fitən 57-59.]

Kəbəni yıxmağa gələn ordunun batacağı yer müəyyən deyildir.
Ağıla bir sual gəlməkdədir: Kəbəyə bir ziyan verməyi düşünməyən bəzi günahsız insanlar nə üçün yerə batırılacaq?
Bunun cavabı budur: Elə günahlar vardır ki, onların cəzası yalnız edənlərə deyil, o günahın edilməsinə göz yuman kəslərə də çatar. Bu halda hər qoyun öz ayağından asılar, deyə düşünməməli, hədisi-şərifdə xəbər verilən belə bir bəla ilə qarşılaşmamaq üçün çirkin işlərə əsla göz yummamalı, meydan zalımlara buraxılmamalıdır. Əgər birisi mənfi işlərə mane ola bilmirsə, onlardan sürətlə uzaqlaşmalıdır.

Hədisimizin xatırlatdığı əhəmiyyətli mövzulardan biri pislərin yanında olmağın ziyanlarıdır. Bu ziyanların ən əsası onların pisliklərinin eynilə bir xəstəlik kimi ətrafdakılara bulaşmasıdır.
Ayrıca, yaxşı kəsləri pislərlə birlikdə görənlər, pislərin etdiyi pisliyin əhəmiyyətsiz olduğunu zənn edərlər. Daha da betəri, pislərin başına gələcək cəza, hədisdə ifadə edildiyi kimi, onların yanında olanları da yandırıb yaxacaqdır. Bu ayə zalımlardan uzaq dayanmanın lüzumuna işarə etməkdədir:
“Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!” Ənfal surəsi 8/25
Məlumdur ki, pisləri xəbərdar etmək də bir vəzifədir. Əxlaqı gözəl, dini məlumatı mükəmməl olan kəslər onların yanına getməli və özlərinə yaxşını, doğrunu və gözəli izah etməlidir.
Xatirə gələn suallardan biri də budur:
İrəlidə olacaq hadisələri, yəni qeybi tək Allah bildiyi halda, qiyamətə yaxın meydana gələcək bu hadisəni Hz. Peyğəmbər (s.ə.s) görəsən haradan öyrəndi?

Bu sualın cavabı bir ayədə belə verilməkdədir:
“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər) ...” Cin surəsi 72/26,27

Deməli, bu hadisəni Hz. Peyğəmbərə (s.ə.s) Allah‐Təala bildirmişdir.
Hədisimizin bizə öyrətdiyi xüsuslardan biri də, məbəd düşmənlərinin heç bir zaman əskik olmayacağı, hər dövrdə dəyişik təxribat silahlarıyla və dəyişik görünüşlərdə ortaya çıxacağıdır. Biz bütün məscidlərə Allahın evi deyirik. Bütün məbədlərin qıbləgahı olan Kəbə isə ən böyük Allah evidir. Onu yox etməyi ağılına qoyanlar əskik olmadığına görə, digər məbədlərin düşmənləri hər dövrdə çıxacaqdır.
Hədisi-şərifdə əsl izah edilmək istənən xüsus, niyyətin əhəmiyyətidir. Kəbəni yıxmağa gedənlərin arasında günahsız kəslər tapıla bilər. Bunların bir qismi döyüşə zorla aparılmış ola bilərsə, bir qismi də başqa bir yerə gedərkən onlara rast gəlmiş ola bilər. Pislik etməyi düşünmədiyi halda pislərin arasında olan kəslərin dünyadakı cəzası onlarla birlikdə yox olmaqdır. Axirətdə isə niyyətlərinə görə hesaba çəkiləcəklər. Əgər niyyətləri pis isə cəhənnəmə, yaxşı isə cənnətə gedəcəklər.

Hədisdən öyrəndiklərimiz:
1. Əməllər niyyətlərə görə dəyər qazanar. Bir işi yaxşı niyyətlə edənlər, onun mükafatını görərlər. Pis bir işi istəmədən edənlər isə pis niyyətli olmadıqları üçün cəzaya düçar olmazlar.

2. Zalımların və günahkarların arasında olmaq onların sayını çox göstərər, tərəfdarlarının artmasına gətirib çıxardar.

Liczba odwiedzin: 6
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut